Əyləc — fırlanan (val, çarx) və ya düzxətli hərəkətdə olan maşın və ya maşın hissələrinin hərəkətini ləngidən və ya dayandıran mexaniki, hidravlik, pnevamtik və ya elektrik işləyən qurğudur.
Avtomobilin əyləc sistemi əyləc mexanizmindən (avtomobilin hərəkətinə qarşı müqavimət yaradır), əyləc ötürməsindən (sürücünün pedalda və ya lingdə ya ratdığı qüvvəni əyləc mexanizminə ötürür) və bəzi avtomobillərdə əyləc gücləndiricisindən (sürücünün pedala göstərdiyi təsir qüvvəsini artıraraq əyləc mexanizminə ötürür) ibarətdir.
Ümumi şəkildə əyləclərin aşağıdakı funksiyaları vardır:
- Hərəkətli hissələrin dayandırılması ;
- Hərəkətli hissələrin sürətinin tənzimlənməsi;
- Hərəkət edən maşın gücünün ölçülməsi üçün onun əylənməsi;
- Sükutda olan hissənin vəziyyətinin saxlanması.
Əyləc diskləri və əyləc kötükləri
Sürtünmə təkərlərin fırlanmasını və bütövlükdə avtomobilin hərəkətini zəiflədir. Əyləc detalları sürtünüb sıradan çıxmağa yaxın bir hala gəldikdə, sürücü pedalı basdığı zaman metal şaybalar cingiltili səslər çıxarır və əyləcləmə pedalın sərbəst hərəkətinin ən aşağı nöqtəsində baş tutur. Bu, əyləcin sıradan çıxdığı barədə sürücüyə bir növ xəbərdarlıqdır. Əyləc disklərinin və əyləc kötüklərinin qeyri-bərabər sıradan çıxması supportda silindrlərdən birinin ilişməsindən xəbər verir və bu zaman təkər ya sonadək əyləclənmir, ya da həddən artıq əyləclənir. Əgər silindr əyləc mayesi ilə örtülübsə və silindrdəki porşenlər çətinliklə sürüşürsə, deməli, nə isə maneə və ya pas yaranıb nəticədə silindri dəyişmək lazımdır. Sıradan çıxmış əyləc kötükləri əyləc disklərinin dəyişdirilməsi proseduru ilə yanaşı, əyləc sisteminin profilaktikaya da ehtiyacı var.
Adi situasiyalarda əyləc pedalından mümkün qədər az istifadə etmək, ötürücünü işlək rejimdə saxlamaqla yavaş-yavaş işıqforun qarşısındakı dayanma xəttinə doğru irəliləmək və yalnız sonda tam dayanmaq üçün pedalı yüngülcə basmaq tövsiyə olunur. Bu əyləc sisteminin üzərinə düşən yükü azaltmağa və əyləc diskləri ilə əyləc kötüklərinin istismar müddətini 1,5-2 dəfə artırmağa imkan verir. Təhlükəsizliyin artırılması üçün əyləc sistemi ikikonturlu sxem əsasında düzəldilib. Əyləclərin bloklanmasına qarşı sistemlə təchiz olunmuş avtomobillər özünüdiaqnostika sensorları ilə təchiz olunur. Sistemdə hər hansı nasazlıq yarandıqda cihazlar panelində nəzarət lampası yanır.
Əyləclərin növləri onların işləmə prinsipindən asılı olaraq təyin edilir. Məsələn, sürtünmə əyləci kimi dodaqlı, barabanlı, diskli və çox diskli əyləclər; burulğanlı elektrik cərəyanla işləyən, müqavimət və cərəyanın əksinə; su ilə işləyən əyləc; hava müqaviməti (təyyarələrdə enmədə istifadə edilən lövhə) və təzyiq əleyhinə (buxar maşınlarında) işləyənlər mövcuddurlar. Mexaniki prinsiplə işləyən əyləclərdə hərəkətli hissədə olan kinetik enerji mexaniki enerjiyə, çox hallarda isə istilik enerjisinə çevrilir.
Əyləc sisteminin işinin etibarlılığını yüksəltmək üçün o, əlahiddə ötürmələrlə təmin edilir, yəni bir pedaldan istifadə etməklə, qabaq və arxa əyləc mexanizmləri ayrılıqda idarə edilir və ya ikikonturlu əyləc ötürməsi tətbiq edilir. ABS-in (bloklanma əleyhinə sistem) olmadığı avtomobillərdə əyləc pedalını kəskin basdıqda pedal bloklanır və avtomobil çox zəif hərəkət edir. Əyləc pedalını sıxdıqda sürətin azalmadığını hiss etdikdə pedalı buraxmaq və bir neçə dəfə yenidən kəskin şəkildə basmaq sıxmaq lazımdır.
ABS olan avtomobillərdə o işə düşübsə, deməli, siz məsafəni və təhlükəsiz sürəti düzgün hesablamamısınız və avtomobil sizin səhvinizi düzəltməyə çalışır.
Bəzi avtomobil istehsalçıları metal əyləc boruları üçün adi poladdan istifadə edirlər, o isə paslanmaya məruz qalır. Yeganə çıxış yolu bu məmulatın paslanmayan poladla əvəzlənməsidir.